Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, rayonun Hindarx qəsəbəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
13:23
Yanvarın 31-də saat 11:30-da partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, yaralılardan 40 yaşlı qadına aşağı ətrafın qapalı travması, 11 yaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
12:48
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
***
12:38
Ağcabədidə dəhşətli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonunun Hindarx qəsəbəsində qeydə alınıb.
Yaşayış evində baş verən partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilir.
Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, araşdırma aparılır.