Almaniyanın Berlin şəhər prokurorluğu 15 nəfərin ölümündə şübhəli bilinən həkimə qarşı ittiham irəli sürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, şübhəlinin himayəsində olan palliativ xəstələrə öldürücü dozada müxtəlif dərmanlar verdiyi deyilir.
“Həkim əsas səbəblərə görə törətdiyi qətllərdə ittiham olunub. Xüsusilə, ilkin məlumatlara görə, o, xəstələrin razılığı və tibbi göstərişlər olmadan insanlara tənəffüs əzələlərinin iflicinə səbəb olan dərman preparatları verib”, - deyə prokurorluqdan bildirilib.
Qeyd olunub ki, şübhəli şəxs cinayətləri 2021-ci ildən törədib. Qurbanlardan biri istisna olmaqla, hamısının yaşı 50-dən yuxarı olub.