Bakıda dindarlar məktəbə basqın edib
24 dekabr 2010 12:57 (UTC +04:00)

Bakıda dindarlar məktəbə basqın edib

Dünən bir qrup dindar Binəqədi rayonu Xocəsən kəndindəki 103 saylı məktəbə gələrək tədris prosesini pozmağa çalışıb. Onların arasında Xocəsən kəndinin axundu da olub.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov Lent.az-a bildirib ki, dünən səhər müəllimlər və şagirdlər məktəbə gələrkən karton kağızının üzərində yazılmış bir elanın qapıdan asıldığını görüblər. Elanda bildirilir: “Bizim balalarımızın başını açsanız, məktəbi yandıracağıq. Oturub fikirləşin! Çaşıb balalarımızın başından hicabı açmayın!”


Məhəmməd Bayramov bildirib ki, həmin elan-xəbərdarlıq gecə saatlarında məktəbin qapısından asılıb. Dünən səhər saatlarında isə Xocəsən kəndinin axundu başda olmaqla 20-dək dindar məktəbin həyətinə toplaşıb. Onlar qapının üzərindən asdıqları xəbərdarlıqda yazdıqlarını yenidən səsləndiriblər.


Rəis müavini bildirir ki, məktəb rəhbərliyi baş verənlər barədə dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Binəqədi Rayon Polis Şöbəsinə, Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi Rayon Şöbəsinə və Rayon İcra Hakimiyyətinə məlumat verib. Bundan sonra adı çəkilən qurumların nümayəndələri, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri məktəbə gələrək araşdırmalara başlayıb. Polis Şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən dindarlardan izahat alınıb.


Məhəmməd Bayramov onu da bildirib ki, hazırda 103 saylı orta məktəbdə 20-dək şagird hicabla məktəbə gəlir. Onların arasında I, II, III sinif şagirdləri və daha yuxarı yaşlı məktəblilər var. Ancaq həmin şagirdlər iki gündür ki, məktəbə gəlmir.


Rəis müavini deyir ki, hazırda məktəbdə tədris prosesi öz axarında davam etsə də, məktəb rəhbərliyi dindarların bu hərəkətindən narahatdır. Üstəlik dindar ailələrdən olan 20-dək şagirdin valideynləri tərəfindən məktəbə buraxılmaması təhsil müəssisəsinin işini pozur.


Xatırladaq ki, hazırda 103 saylı məktəb polis əməkdaşlarının nəzarəti altındadır. Dindarların məktəbin qapısı üzərindən asdığı elan-xəbərdarlıqla bağlı araşdırmalar davam edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941

Oxşar yazılar