Şadlıq sarayı məhkəmədə nazirliyə qalib gəldi
03 fevral 2010 19:00 (UTC +04:00)

Şadlıq sarayı məhkəmədə nazirliyə qalib gəldi

“Su sonası” MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentini məhkəməyə verib. Lent.az-ın xəbərinə görə, eyniadlı şadlıq sarayının daxil olduğu MMC 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinə müraciət edib. Müraciətdə məhkəmədən departamentin “Su sonası” MMC ilə bağlı tərtib etdiyi 10 min manatlıq cərimə protokolunun ləğvi xahiş olunub. Bundan əlavə, MMC həmin protokolu tərtib edən vəzifəli şəxslər barəsində xüsusi qətnamə qəbul olunmasını istəyib.

Məhkəmə iddianı qismən - protokolun ləğvi barədə hissəsini təmin edib. Beləliklə də MMC nazirliyə qalib gəlib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları 2009-cu ildə Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda səs-küy səviyyəsinin yoxlanılması məqsədilə reydlər keçmişdi. Reyd zamanı “Meridian”, “Niaqara”, “Çanaq Qala” restoranları, “Xudafərin”, “Su Sonası” şadlıq sarayları, “Plaza” disko-barı və “Black Bird” gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar olunub. Belə ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda “Su Sonası” şadlıq sarayında 91 dB (normadan 1,4 dəfə artıq) olması halları qeydə alınıb. Bu barədə məlumatı nazirlik 2009-cu ilin noyabr ayında yaymışdı.

Kafe və restoranlarda reyd prezident İlham Əliyevin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” fərmanının icrasının təmin edilməsi məqsədilə keçirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239

Oxşar yazılar