“Xarkovskie izvestiya” qəzetində Azərbaycanın Milli qəhrəmanı Ruslan Polovinka haqda “Bizim şəhərdən olan oğlan” başlıqlı məqalə dərc olunub. Lent.az-ın xəbərinə görə, məqalədə vesti.az saytının baş direktorunun birinci müavini Zaur Nurməmmədov və onun dostu Rəhman Əliyevin 1992-ci il avqustun 6-da Dağlıq Qarabağda şəhid olmuş Azərbaycanın Milli qəhrəmanı Ruslan Polovinkanın ailəsini tapmaqda və “Qızıl ulduz”-un Polovinka ailəsinə çatdırılmasında misilsiz xidmətləri olduğu da yazılıb.
Bu il avqustun 23-də Ukraynanın Xarkov şəhərində 22 il əvvəl Qarabağda şəhid olmuş Ruslan Polovinkanın ailəsinə Milli qəhrəmanın “Qızıl ulduz”u təqdim olunub. Vesti.az saytınının baş direktorunun birinci müavini Zaur Nurməmmədov Zmiev şəhərində unudulmuş qəhrəmanın ailəsi ilə görüşəndən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik Abdulla Qurbani Xarkov şəhərinə yollanıb. Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, qəhrəmanın xatirəsinə həsr olunmuş anım mərasimlərində iştirak edib.