Tanınmış rusiyalı siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə təqsirli bilinən Zaur Dadayev alibisinin olduğunu bildirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili İvan Qerasimov bildirib.
“Dadayev deyir ki, qətl hadisəsi baş verdikdə, o digər yerdə olub”, deyə İ.Qerasimov bildirib.
Vəkilin sözlərinə görə, hələ ki müttəhim və müdafiə tərəfi istintaqa alibi ilə əlaqədar müraciət etməyəcəklər. “Biz işin bütün detallarını yoxlayacağıq, dəlil-sübutları toplayandan sonra istintaqa təqdim edəcəyik”, deyə İ.Qerasimov vurğulayıb.
Bundan əvvəl alibisinin olduğunu işin digər fiqurantı Tamerlan Əsgərxanov bəyan etmişdi. Əsgərxanovun vəkili Roza Maqomedovanın məlumatına görə, onun qətl zamanı gecə klubunda olması barədə məlumatı istintaq araşdırır.
Xatırladaq ki, Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov fevralın 27-də axşam saatlarında Kremlin yaxınlığında odlu silahdan güllələnərək öldürülüb.