Beynəlxalq tədqiqatçılar qrupu keyfiyyətli yuxunun hansı amildən asılı olduğunu müəyyən etmək üçün eksperiment aparıblar. Eksperimentin nəticələri gözlənilməz olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rahat və normal yuxu insanın hansı ölkədə yaşamasından birbaşa asılıdır.
Tədqiqatçıların təşkil etdikləri irimiqyaslı eksperimentdə dünyanın 48 dövlətindən 940 mindən çox vətəndaş iştirak edib. Könüllülər iki həftə ərzində unikal “Sleep Cycle” əlavəsindən istifadə ediblər. Bu əlavənin köməyi ilə yuxunun fazalarını, müddətini və digər meyarları qiymətləndirmək olar. Mütəxəssislər tədqiqatların nəticələrinə görə vətəndaşlarının yuxusu keyfiyyətli və sağlam olan ölkələrin siyahısını tərtib ediblər. Slovakiya, Polşa, Macarıstan, Çexiya və Çin sakinləri bu baxımdan ən bəxtəvər insanlar sayılıblar.
Eksperiment zamanı müəyyən olunub ki, Cənubi Afrika ölkələrinin sakinləri dünyada yuxudan ən erkən oyanan insanlardır. Onlar adətən səhər saat 6-da yuxudan dururlar. Tədqiqatda iştirak edən könüllülər hesab edirlər ki, çərşənbə həftənin yuxu üçün ən münasib günüdür. Şənbə və bazar günləri isə yuxudan doymaq olmur.