16 yaşlı Ukrayna vətəndaşı Andrey Senko Rusiya prezidenti Vladimir Putinin hədiyyəsi olan saatı geri qaytarıb.
Lent.az-ın «Ukrainian Crisis Media Center»-in bu haqda çəkdiyi süjetdə bildirilib ki, Putin indiki yeniyetməyə bu saatı 10 il öncə hədiyyə edib.
2004-cü ildə V.Putin Ukraynanya səfər etməzdən öncə ona internetlə suallar göndərilib. 50 min sualdan o vaxt 6 yaşı olan Andrey Senkonun sualı Rusiya prezidentinin xoşuna gəlmişdi. O, V.Putindən nə arzuladığını soruşmuşdu. Onda Rusiya lideri belə cavab vermişdi: «Dünyada hamının xoşbəxt yaşamasını arzulayıram». Bu suala görə Senko Putindən yazılı prezident saatı hədiyyə almışdı.
«Ukrainskaya prvada» yazıb ki, 10 ildən sonra bu oğlan hədiyyəni geri qaytarmaq qərarına gəlib. «Siz məni aldadıbsınız. Ona görə də hədiyyənizi geri qaytarmaq məcburiyyətindəyəm. Əgər sizi görmək imkanım olsa idi, onda gözünüzün içinə deyərdim – Vladimir Vladimiroviç, siz yalançısınız» -deyə, Senko söyləyib.
O, qeyd edib ki, uşaqlıqdan öz vətəni Ukraynaya sevgi ruhunda böyüb, tərbiyə alıb, indi isə öz torpağında sülhü qorumağa hazırdır.