Yəmənin paytaxtı Sanada üsyançılar və ordu birləşmələri arasında baş vermiş toqquşmalar nəticəsində 120 nəfər ölüb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, üsyançı dəstələr sentyabrın 18-də ordunun müqavimətini qıraraq Sanaya daxil olublar.
Məlumata görə, minlərlə paytaxt sakini toqquşmalar baş verdiyi rayonları tərk etməyə məcbur olub. Üsyançılar sentyabrın 20-də minaatanlardan dövlət teleşirkəti, hospital, universitet binasını və yaşayış binalarını atəşə tutub, nəticədə onlarla insan xəsarət alıb. SABA dövlət xəbər agentliyi fəaliyyətini müvəqqəti dayandırıb.
Hərbi aviasiya üsyançıların ölkənin şimalındakı Əl-Cəuf əyalətində yerləşən mövqelərinə zərbələr endirib. Bir neçə tank daxil olmaqla üsyançılara məxsus 30 ədəd hərbi texnika məhv edilib.
Neft məhsullarına subsidiyaların ləğv edilməsi və venzinin qiymətinin iki dəfə artması Yəmən cəmiyyətində güclü rezonansa səbəb olub.