İyulun 26-dan Yəməndə beş günlük atəşkəs başlayacaq.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Yəməndə hərbi əməliyyat həyata keçirən ərəb ölkələri koalisiyasının komandanlığı bildirib.
Növbəti beş günlük atəşkəs rejimi beynəlxalq təşkilatlara Yəmən əhalisi üçün humanitar yardımın çatdırılmasına şərait yaradacaq. Bununla belə, koalisiya komandanlığı üsyançılar tərəfindən atəşkəsin pozulmasını cavabsız qoymayacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Ədən şəhərində Yəmən hökumət ordusu və husilər arasında baş vermiş toqquşmalar zamanı 43 dinc sakin həlak olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.