Yəməndə hava zərbələri nəticəsində 120 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.
APA-nın məlumatına görə, BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.
“Martın 26-dan etibarən 120 mindən çox insan öz evini tərk edib. Aprelin 7-dən 11-dək Yəməndə 10-u uşaq olmaqla 37 nəfər həlak olub, 154 nəfər yaralanıb”, hesabatda deyilir.
Ölkədə kəskin ərzaq çatışmazlığı müşahidə edilir. Belə ki, Ədən şəhərində bütün çörəkbişirmə müəssisələri bağlanıb. Bir sıra şəhərlərdə stasionar və mobil telefon rabitəsi, elektrik enerjinin verilməsi kəsilib.
Xatırladaq ki, 26-dan etibarən Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.