APA-nın məlumatına görə, yolun altı ilə keçən su borusunun partlaması nəticəsində boruda olan qaynar su sərnişin avtobusunun içinə dolub.
Avtobusun sürücüsü hadisə yerindən qaçıb. 15 nəfər sərnişin isə qapıları bağlı olan avtobusun içində köməksiz vəziyyətdə qalıb. Sərnişinləri Krasnoyarsk vilayətində yaşayan azərbaycanlı qardaşlar Səbuhi və Tural Rəhimov xilas ediblər. Onlar avtobusun şüşələrini sındıraraq insanlara salonu tərk etməyə kömək ediblər. Soydaşlarımızın səyləri nəticəsində hadisə zamanı ölən olmayıb, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
İyunun 16-da adıçəkilən hadisə ORT telekanalının “Pust qovoryat” populyar verilişində işıqlandırılıb. Verilişin aparıcısı Andrey Malaxov studiyaya Səbuhi və Tural Rəhimov qardaşlarını və Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovu dəvət edib.
Q.Osmanov qeyd edib ki, qəhrəmanların və cinayətkarların milliyəti olmur: “Belə hallarda əsas ətrafında baş verənlərə biganə qalmamaqdır. Keçən il Moskva vilayətinə gənc azərbaycanlı Səmaləddin Nağıyev qohumlarını görmək üçün gəlmişdi. O, Lyuberetsk rayonunda üç qız uşağını xilas edib, özü isə həyatını itirmişdi. Belə insanlar qəhrəmandırlar və hamımız üçün nümunə olmalıdırlar”.
Qeyd edək ki, Krasnoyarsk şəhərinin meri göstərdikləri qəhrəmanlıq və şücaətə görə Rəhimov qardaşlarına rəsmi olaraq təşəkkürünü bildirib.