Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Xarkov dövlət vilayət administrasiyasının binasını separatçılardan təmizləyiblər.
APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində hakimiyyətdəki “Batkivşina” Partiyasının deputatı Nikolay Knyajitski yazıb. O, “Yaquar” xüsusi təyinatlı dəstəsinin Xarkovda antiterror əməliyyatı keçirdiyini bildirib: “Daxili işlər naziri Avakovla danışdım. Xarkovda antiterror əməliyyatı keçirilib. 70 hüquq pozucusu saxlanılıb. Onlar Poltava və Kiyevdəki təcridxanalara aparılıb. Mərkəzi vilayətlərdən gətirilmiş “Yaquar” xüsusi təyinatlı dəstəsinin əməkdaşları atəş açmadan, peşəkarlıqla fəaliyyət göstəriblər. Onlar şərqdəki digər cinayətkarları da neytrallaşdırmağa hazırdırlar”.
Qeyd edək ki, ötən bazar günü – aprelin 6-da Ukraynanın şərqindəki Xarkov, Donetsk və Luqansk vilayətlərində Rusiyayönümlü qüvvələr kütləvi iğtişaş törədib. Xarkov və Donetskdə vilayət administrasiyalarının, Luqanskda isə Təhlükəsizlik Xidmətinin binaları ələ keçirilib. Hazırda Ukrayna güc strukturlarının rəhbərləri qayda-qanunu bərpa etmək üçün şərq vilayətlərindədir.