İran İslam Respublikası Üləma Məclisinin rəisi ayətullah Məhdəvi Kəni iyunun 4-də ürəyində yaranmış qəfil nasazlığa görə komaya düşüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə 83 yaşlı Məhdəvi Kəninin İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin ölümünün 25-ci ildönümü ilə bağlı mərasimə qatılmasından sonra baş verib.
Məhdəvi Kəni Tehranın Bəhmən xəstəxanasına yerləşdirilib.
Məhdəvi Kəni Üləma Məclisinin rəisi vəzifəsinə təyin edilməmişdən əvvəl İran İslam Respublikasının daxili işlər naziri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü, Ali Mədəni İnqilab Şurasının üzvü olub və daha bir neçə vəzifədə çalışıb.
Qeyd edək ki, İran Üləmalar Məclisi müctəhidlər və din alimlərindən ibarət orqandır. İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, bu qurum ölkənin ali rəhbərini (ayətullah Seyid Əli Xamneyinin tutduğu vəzifə ) təyin və onun fəaliyyətinə nəzarət edir. Yəni ali rəhbər vəfat edərsə, işindən uzaqlaşarsa və ya üzərinə götürdüyü öhdəliyi həyata keçirə bilməzsə, İran Üləmalar Məclisinin üzvləri “şərtləri özündə toplayan fəqihlər” arasından onun yerinə şəxs seçməlidirlər. Bu qurumun rəhbərliyinə seçkilər hər səkkiz ildən bir keçirilir və ayətullah Kəni də İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncanini əvəzləyərək, 5 ildir təşkilata sədrlik edir.
Ayətullah Kəni 1931-ci ildə Tehran yaxınlığında yerləşən Kən kəndində anadan olub. O, İran İslam İnqilabından sonra “İnqilab Şurası”nı təşkil edən 5 əsas ruhanidən biridir. Ayətullah Kəni Rəcayi hökuməti dövründə daxili işlər naziri, o, qətlə yetirildikdən sonra müvəqqəti baş nazir vəzifələrində çalışıb.