Rusiya qoşununun Ukrayna ilə sərhəddən çəkilməsi ilə bağlı xəbəri NATO təsdiqləməyib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, xəbəri “Röyter” alyansdakı mənbəyə əsaslanaraq, yayıb.
Mənbə bildirib ki, hələlik qərbdəki həmkarları Rusiya prezidenti V. Putinin bəyanatını təsdiqləməyib.
“Rusiya ordusunun Ukrayna ilə sərhəddən çəkilməsinin əlamətləri görünmür”-deyə, NATO-dan bildirilib.
***
19.36
“Rusiya öz qoşunlarını Ukrayna sərhədlərindən geri çəkib. Hazırda ordu hissələri müntəzəm təlimlərin keçirildiyi yerlərdədir”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Bizə hər dəfə deyirdilər ki, Ukrayna sərhədindəki qoşunlarımız narahatlıq doğurur. Biz onları geri çəkdik və indi qoşunlar poliqondadır. Bunu indiki müasir kəşfiyyat vasitələrinin köməyi ilə yoxlamaq mümkündür, kosmosdan da hər şey görünür”, - deyə o, söyləyib.
V. Putin Ukraynadakı durumun müzakirəsi üçün beynəlxalq dəyirmi masanın keçirilməsini dəstəklədiklərini də açıqlayıb: “Bu yaxınlarda mən Almaniyanın federal kansleri, xanım Merkellə danışdım. O, Kiyevin cənub-şərqlə dialoqunu dəyirmi masa şəklində təşkil etməyi təklif etdi. Biz bunu dəstəkləyirik. Hər şey etmək lazımdır ki, Ukraynanın cənub-şərqindəki insanlar mayın 25-də keçiriləcək prezident seçkilərindən sonra onların qanuni hüquqlarının təminat altına alınacağına inansınlar”.