Fevralın 10-da Azərbaycanın Vaşinqtondakı səfirliyində tarixi İpək yolu boyunca yerləşən ölkələrin regional nəqliyyat infrastrukturlarının inkişafına və bunun region ölkələri arasında ticarətin və əməkdaşlığın inkişafına təsiri mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan səfirliyinin təşəbbüsü ilə baş tutmuş tədbirdə ABŞ Hökumətinin nümayəndələri – ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi (Principal Deputy Assistant Secretary) Riçard Hoqland, Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi (Deputy Assistant Secretary) Erik Rubin və ABŞ Nəqliyyat Komandanlığının müavini Vitse Admiral Vilyam Braun iştirak ediblər. Tədbirdə eləcə də Gürcüstanın Vaşinqtondakı səfiri Arçil Qeqeşidze, Qazaxıstan səfiri Kairat Umarov, Türkmənistan səfiri Meret Orazov və digər ölkələrin diplomatik nümayəndəlikləri iştirak ediblər.
Dəyirmi masa zamanı regional nəqliyyat infrastrukturu məsələləri, eləcə də qarşılıqlı əməkdaşlıq məsələlərini əhatə edən mövzular müzakirə edilib.