Dünyanın nüfuzlu "Forbes" jurnalı Rusiya milyarderlərinin yeni reytinqini tərtib edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2011-ci ildən bu yana Rusiya milyarderlərinin reytinqində lider dəyişikliyi olmayıb. Belə ki, 2011-ci ildən bu günə qədər hazırlanan reytinq cədvəlinə Rusiyanın USM Holdinqin-in prezidenti, özbək əsilli Əlişir Usmanov liderlik edib.
"Forbes" Amerika versiyasının son hazırladığı siyahıda artıq ilk yeri Əlişir Usmanov deyil, "İnterros" Holdinqinin prezidenti Vladimir Potanin tutub. Dünya milyarderlərinin siyahısında 60-cı yerdə qərarlaşan Potanin 14,8 mlrd. dollar sərvəti ilə Rusiya milyarderlərinin siyahısına liderlik edir. İş adamı il ərzində sərvətini 2,2 mlrd. dollar artırıb. İkinci yeri "Alfa qrup"un Müşahidə Şurasının sədri Mixail Fridman tutub. Dünya milyarderlərinin reytinqində 68-ci yerdə qərarlaşan Fridmanın 14,7 mlrd. dollar sərvəti olduğu açıqlanıb. Üçüncü yerdə isə uzun illər bu siyahıya liderlik etmiş USM Holdinqin prezidenti Əlişir Usmanov qərarlaşıb. Hazırda onun sərvətinin 14,5 mlrd. dollar olduğu bildirilib. Usmanov bu siyahıya 2011-2014-cü illərdə liderlik edib. 2014-cü ildə onun sərvətinin miqdarı 18,6 mlrd. dollar olub. Siyahıda dördüncü yerdə 14,2 mlrd. dollarla Viktor Vekselberq, beşinci yerdə 14,2 mlrd. dollar sərvəti ilə Aleksey Mordoşov qərarlaşıb.
Rusiya milyarderlərinin reytinqində altıncı yeri isə Azərbaycan əsilli iş adamı, "LUKOİL"-un prezidenti Vahid Ələkbərov tutur. "Forbes" həmyerlimizin sərvətini 12,2 mlrd. dollar miqdarında dəyərləndirib. "Forbes" dünya milyarderlərinin reytinq cədvəlində ilk yeri isə 79,3 mlrd. dollar sərvəti ilə "Microsoft"un yaradıcısı Bill Geyts tutub. İkinci yerdə 76,4 mlrd. dollar sərvəti ilə meksikalı biznesmen Karlos Slim, üçüncü yerdə isə 72,3 mlrd dollar sərvəti ilə amerikalı investor Uorren Baffet qərarlaşıb.