Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukraynanın şərqində rusiyameyllilərin nəzarətinə keçən Slavyansk şəhərində antiterror əməliyyatının başladığını elan edib. Lent.az-ın məlumatına görə, bunu A.Avakov “Facebook” səhifəsində bəyan edib: “Slavyanskda antiterror əməliyyatı başladı. Əməliyyata Təhlükəsizlik Xidməti İdarəsinin antiterror mərkəzi rəhbərlik edir. Ölkənin bütün güc strukturlarından qüvvələr cəlb edilib”.
Qeyd edək ki, Donetsk vilayətinin Slavyansk şəhərində milis şöbəsi bir qrup silahlı şəxs tərəfindən ələ keçirilib və mobil rabitə qüllələri məhv edilib. Daha sonra isıə Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası mühasirəyə alınıb.
Ukrayna Daxili İşlər Nazirliyi bəyan edib ki, milis şöbəsinin ələ keçirilməsində məqsəd silah əldə etmək olub.