Ukraynanın Zakarpat vilayətindəki Mukaçevo şəhərində “Sağ sektor” təşkilatının üzvlərinin törətdiyi hücum nəticəsində 3 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Zakarpat vilayətinin prokurorluğundan bildirilib.
“İyulun 11-də yerli vaxtla saat 14.00 radələrində Mukaçevo şəhərində üzərində “Sağ sektor” nişanı olan avtomobillərdə və hərbi geyimdə olan 20 silahlı şəxs təsir sahələrinin bölgüsü məsələsi ilə bağlı yerli sakinlərə kafelərin birində görüş təyin ediblər.
Bundan sonra qeyd olunan şəxslər baş vermiş münaqişə zəminində kafedə atəş açmağa başlayıb”, deyə məlumatda bildirilib.
Hadisə yerinə gələn milis əməkdaşları kafedən çıxışı bağlayıblar, lakin silahlı şəxslər milis işçilərini qumbaraatanlardan, “Kalaşnikov” avtomatlarından və “DŞK” pulemyotlarından atəşə tutublar.
Kafedə atışmadan sonra cinayətkarlar idman kompleksinə və yol polisi postuna hücum ediblər. Bəzi məlumatlara görə, hücuma məruz qalmış idman klubu yerli deputat Mixail Lanyoya məxsusdur. Məlumata görə, cinayətkarlar bir neçə avtomobillə binaya yaxınlaşaraq onu maşının damında quraşdırılmış pulemyotlardan atəşə tutub.
**** 21.49
Ukraynanın qərbində baş vermiş atışma zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DİN rəhbərinin müşaviri Zoryan Şkiryak bildirib.
Məlumata görə, “Sağ sektor” milliyyətçi təşkilatının 11 silahlı üzvü “Antares” və “Krasnıy Drakon” idman komplekslərinə hücum edib. Hücum edənlər və deputat Mixail Lanyonun tərəfdarları və hadisə yerinə cəlb olunmuş milis qüvvələri arasında silahlı toqquşma baş verdiyi bildirilir. “Vesti”nin məlumatına görə, Mukaçovo yaxınlığındakı Kiyev-Çop yolunda baş vermiş atışma zamanı üzü maskalı şəxslər avtomat silahlardan və qumbaratanlardan istifadə edib.
“Sağ sektor”un Zakarpat vilayəti üzrə bölməsinin rəhbəri Aleksandr Saçko təşkilatın insidetlə əlaqəli olduğunu təsdiqləyib. Onun sözlərinə görə, milis əməkdaşları xəbərdarlıq etmədən təşkilatın üzvlərini atəşə tutub.
DİN rəhbərinin digər müşaviri Anton Qeraşenko atəş açan silahlılardan 3 nəfərin öldüyünü bildirib.
“Məlumata görə, 3 silahlı öldürülüb, beş cinayətkar yaralanıb. Qalanları isə, meyitləri və yaralıları özləri ilə apararaq, meşə zolağına çəkiliblər. Təslim olmaq tələbinə əməl olunmazsa, güc tətbiq olunacaq və cinayətkarlar məhv ediləcək”, deyə Şkiryak bildirib.
Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Yelena Qitlyandskaya cinayət işinin başlandığını və əməliyyat qərargahının yaradıldığını bildirib. Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib.