Ukraynada yaşayan azərbaycanlılar Maydana toplaşdılar
24 mart 2014 16:07 (UTC +04:00)

Ukraynada yaşayan azərbaycanlılar Maydana toplaşdılar

0

Ukraynanın paytaxtı Kiyevdə, Maydanda ölkənin ərazi bütövlüyünün pozulması ilə bağla yenidən başlayan aksiyalara bu ölkədə yaşayan azərbaycanlılar və digər azsaylı xalqların nümayəndələri də qatılıblar.

 

Ukrayna Millətlər Assambleyasından Lent.az-a verilən məlumata görə, ölkədə yaşayan azərbaycanlıların, tatarların, qaqauzların, yəhudilərin, moldavanların, Orta Asiyadan və başqa bölgələrdən olan digər türkdilli xalqların təmsil olunduğu cəmiyyətlərin, konqreslərin üzvləri Maydandakı mitinqə qoşularaq tribunadan bəyanatlarını elan ediblər.

 

Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək bildirib ki, ruslara qarşı ölkədə heç bir ayrı-seçkilik yoxdur: “Baxmayaraq Ukrayna dilində səlist bilirəm, amma indi rus dilində danışıram. Heç kim bizə rus dilində danışdığımıza görə mane olmur. Ukrayna çoxmillətli dövlətdir. Vətənim Azərbaycandan 27 il əvvəl ayrılsam da, bizə yaxşı məlumdur ki, Azərbaycan da tolerantlığın nümunəsidir. 2013-cü ildə tolerantlıq üzrə ilk beşliyə daxil olub. Burada “Maydanda” da Azərbaycan bayrağı dalğalanır. Azərbaycanlılar Ukrayna ilə həmrəydirlər. Mən əminəm ki, ukraynalılardan, ruslardan, yəhudilərdən, azərbaycanlılardan, yunanlardan və digər millətlərdən ibarət Ukrayna bu sınağa layiqincə tab gətirə biləcək. Biz Şərqi Ukrayna sakinlərinə müraciət edirik və onları eyforiyaya uymamağa, yaşadıqları ölkənin ərazi bütövlüyünə sadiq qalmağa çağırırıq”.

 

R. Tağıyev Ukraynada yaşayan azərbaycanlılar adından müraciəti təqdim edib. Müraciətdə deyilir: “Bizim təşkilatımız inancından və milliyyətindən asılı olmayaraq, xalqlar arasında sülh və qarşılıqlı anlam məqsədilə yaradılıb. Biz xalqlar arasında nifrət və təcavüzə qarşıyıq. Ukrayna və Rusiya xalqları arasında sülh və əməkdaşlığın qorunub, saxlanılması üçün digər beynəlxalq təşkilatlarla birgə bütün səylərimizi səfərbər etməyə hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1922

Oxşar yazılar