Ukraynanın Dnepropetrovsk şəhərində Dnepryanı bölgədə köçəri tayfaların mədəniyyətinə dair tədbir keçirilib. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) Lent.az-a verilən məlumata görə, tədbirdə Dnepropetrovsk vilayət şurasının sədri Yevgeni Udod, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, UAK sədri Rövşən Tağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Zaur Həsənov, Dnepropetrovsk Vilayət Radasının deputatı Fəxrəddin Muxtarov köçəri tayfaların mədəniyyətini öyrənən Ukrayna alimləri iştirak ediblər.
Dnepropetrovsk vilayət şurasının sədri Y.Udod Azərbaycan və Ukrayna xalqları arasında tarixi və mədəni bağlılıqlardan danışıb. O, skiflərin irsinin həm Azərbaycan, həm də Ukrayna xalqının formalaşmasında zəngin rolu olduğunu bildirib.
Səfir E. Mədətli köçəri tayfaların və xüsusilə türkmənşəli skif tayfalarının hazırkı Ukrayna ərazisində qoyduğu izlərin xalqlarımız arasında tarixi və mədəni əlaqələrin incisi olduğunu bildirərək və bu irsin dərindən öyrənilməsi üçün birgə səy göstərilməsinin zəruriliyini vurğulayıb.
Səfir Mədətli Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər qurulmamışdan qabaq mövcud olan əlaqələrdən də ətraflı danışıb. O, çıxışında qədim dövrlərdə ümumi əcdadlarımız olan skiflərin, sarmatların, hunların, avarların, bulqarların, xəzərlərin və digərlərinin Qafqaz və Qara dəniz sahillərində, Dnepr boyunda sonrakı dövrlərdə dövlətçilik və mədəniyyətlərin inkişafına zəmin yaradan böyük mədəniyyətlər yaratdığını vurğulayıb. Tədbirin yekununda iştirakçılar mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi barədə qətnamə qəbul ediblər.
Daha sonra Dmitri Yavornitski adına Dnepropetrovsk Tarix Muzeyində Ukraynada ilk dəfə "Zolotaya Skifiya" adı altında skif mədəniyyəti sərgisinin açılışı olub. Sərgini Ukrayna Baş nazirinin müavini Aleksandr Vilkul açıb. Baş nazirin müavini həm Dnepropetrovsk vilayətinin qubernatoru olduğu zaman, həm də indiki vəzifəsində ölkəsinin Azərbaycanla mədəni-mənəvi əlaqələrinin inkişafına önəm verdiyini, Azərbaycan icması ilə sıx təmasda olduğunu və bu sahədə fəaliyyətə böyük dəyər verdiyini qeyd edib.