Türkmənistanda pulsuz benzin verilməsi ləğv edilib. Lent.az-ın “Rosbalt”-a istinadən məlumatına görə, ölkə prezidenti Qurbanqulu Berdımuxammedov məsələ ilə bağlı qərar verib. Qərarda bu addım yerli neft məhsulları üzərində dövlət nəzarətinin təmin olunması ilə əsaslandırılıb.
Mənbə xatırladıb ki, əhalisi 5,5 milyon nəfər olan Türkmənistan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra ən çox təbii qaz ixrac edən ölkədir.
1993-cü ildən Türkmənistanda təbii qaz, elektrik enerjisi, su pulsuzdur. Əvvəlcə bu on illiyə nəzərdə tutulmuşdu. Sonradan bu müddət 2030-cu ilədək uzadıldı. Səfərmurad Niyazovun (Türkmənbaşı) hakimiyyəti dövründə (1991-2006) benzin simvolik qiymətə, bir litri 0,02 dollara satılırdı. Bu yerli suyun bir butulkasından da ucuzdur.
Ölkədə hakimiyyət dəyişikliyindən sonra benzinin qiyməti iki dəfə qaldırıldı: əvvəlcə 8 dəfə bahalaşdı – “Ai-95” benzinin qiyməti 0,15 dollar, bundan sonra 0,22 dollar oldu.
2008-ci ildən vətəndaşlara talonla 120 litr pulsuz benzin verilirdi.