Türkiyədə həkimlər xərçəng xəstəsi, Azərbaycan əsilli Maya Yakına qida borusu tikib. Lent.az-ın yenihaberler.com.tr-yə istinadən verdiyi xəbərə görə, müvəqqəti olaraq Yozqat şəhərində yaşayan 58 yaşlı Maya Yakın qida qəbulunda yaranmış problemlə bağlı Bozok universiteti tibb fakültəsi araşdırma və tətbiqetmə xəstəxanasına müraciət edib.
Xəstəxanada aparılan araşdırmalar nəticəsində, Maya Yakına “qida borusu xərçəngi” diaqnozu qoyulub. 8 ay müddətində tədqiqatlar aparıldıqdan sonra xəstə əməliyyat olunub.
Uğurla başa çatan əməliyyatda xəstənin qida borusu bütövlükdə çıxardılıb və yerinə mədədən qida borusu hazırlanaraq boğazına tikilib. Bununla da, Maya Yakının qida qəbulunda yaranmış problem ortadan qaldırılıb.
Həkimlərin verdiyi xəbərə görə, Maya Yakının səhhəti qaydasındadır.
Bu əməliyyat Yozqatda ilk dəfə bir xəstə üzərində aparılıb.