Türkiyə ordusu Mosul və Telaferin İŞİD-dən geri alınması üçün İraq ordusuna hərbi təlim keçməyə başlayıb. APA TV-nin məlumatına görə, təlimlərə cəlb olunanların əksəriyyəti türkmənlərdir. Duhokla Zaho şəhərləri arasında qurulmuş hərbi düşərgədə keçirilən təlimlərə türk hərbi müşavirlər cəlb olunub. Haşid əl-Vatani hərbi birləşməsinin əksəriyyətini İraq Türkmən Cəbhəsinə bağlı qüvvələr təşkil edir. Mosul və Telaferə hücumda əsas ağırlıq bu qüvvələrin üzərinə düşəcək. DHA agentliyinə açıqlama verən türkmən hərbçilər Mosula ilk olaraq türkmənlərin girməsi üçün dua etdiklərini deyiblər. Onlar bildiriblər ki, Mosul və Telaferi İŞİD-dən azad etmək vəzifəsi ilk növbədə türkmənlərin üzərinə düşür və onlar bu vəzifənin öhdəsindən mütləq gələcəklər.
Düşərgədə İraq Türkmən Cəbhəsinə bağlı türkmənlərə hərbi manevr taktikası, koordinasiya üsulları, müxtəlif silahlardan istifadə qaydaları öyrədilir.