İranda boşanma qonaqlığı ilə bağlı məsələ ölkənin ictimai probleminə çevrilməkdədir.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, Tehranın cümə namazının imam cüməsi ayətullah Məhəmməd İmami - Kaşani xütbəsində ölkədə adət halını almış boşanma açıqca-dəvətnamələri və hicabsızlıqdan danışıb.
İmam cümə deyib: “Təəssüf ki, son vaxtlar ölkədə bəzi cütlüklər ayrılarkən boşanmanı şənlik kimi qeyd edir. Bu isə islam cəmiyyəti və sivilizasiyasını məhv etmək üçün bir zəhərdir. Pul qarşılığında boşanma dəvətnamələri çap edənlər haram iş görür. Bəzi hallarda boşanmaq lazım olsa da, bunun üçün şənlik mərasimi keçirməyə ehtiyac yoxdur”.
O, bu adətin yayılmasında xarici “əlləri suçlayıb”: “Belə hiss edilir ki, cəmiyyəti islam adəti və mədəniyyətindən uzaqlaşdırmağa çalışan bəzi əllərin bu işdə rolu var”.
İmami-Kaşani gənc qızlar arasında hicabsızlığa meylin artmasına da münasibət bildirib: “Səhlənkar davranış və hicabsızlıq ailənin məhvinə səbəb olar. Hicablı olmaq və hicab qaydalarına əməl olunması ilk növbədə qızların xeyirinədir. Çünki abır-həya, hicab olan yerdə kişilər ehtiraslı və şəhvətpərəst olmaz, qızlar isə internetdə özlərini gənc oğlanlara təqdim və təslim etməzlər. Allaha şükürlər olsun ki, bizim qız və oğlanlarımızın çoxu belə deyil. Ancaq nəzərə almaq lazımdır ki, gənclərin səhlənkarlığı cəmiyyəti puçluğa doğru aparar”.
Xatırladaq ki, boşanma ilə bağlı təşkil edilən gecələr elə təmtəraqlı olmur: bir dəstə qara qızılgül, iri tort, bir də özəl açıqca-dəvətnamə.
Boşanmaq istəyən cütlüklər açıqca-dəvətnamə çap etdirərək, yaxın adamları və tanışlarına göndərir, onları boşanma şənliyinə dəvət edir, qonaqlıq verirlər.
Rəsmi statistikaya görə, İranda nikahların 20 faizə yaxını boşanma ilə nəticələnir. Ötən il boşanmalar 4,6 faiz artdığı halda, evlənənlərin sayı 4,4 faiz azalıb.