Tehran meriyasında qadınların katibə və makinaçı qismində işə götürülməsinə qadağa qoyulub.
“Media forum” saytının məlumatına görə, Tehran merinin müavini Fərzad Xələfi ötən gün jurnalistlərə açıqlamasında bu qadağadan danışıb.
O deyib ki, Tehran meri Məhəmmədbağır Qalibaf bu qadağanı xanımların ailədə yaranan problemlərinin qarşısını almaq üçün tətbiq edib.
Tehran merinin qadağası onun müavinlərinə, meriyanın tabeliyində olan idarə və təşkilatların rəhbərlərinə aiddir. Qadağaya əsasən, Tehran merinin müavinləri, meriyanın idarə və təşkilatlarının rəhbərləri bundan sonra xanımları katibə və makinaçı (yığıcı operator) işinə götürə bilməzlər.
Fərzad Xələfi bildirib ki, qərar hazırda meriyada işləyən xanımların işdən çıxarılması anlamına gəlmir, həmin xanımlar öz işlərində qalacaqlar. Amma mer tapşırıb ki, meriyanın vəzifəli şəxsləri imkan daxilində xanım işçiləri ayrı otaqlarda yerləşdirsinlər, yəni kişilərlə xanımların ayrı-ayrı otaqlarda işləməsini təmin etsinlər.