Ötən gün Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar gözlənilməz hücuma məruz qalıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, dustaqların birlikdə inqilabçı himn və mahnılar oxumasından sonra hücum baş verib.
Zindan məmurları, ETTELAAT əməkdaşları və 100-ə yaxın dəyənəkli əsgərin hücumuna məruz qalan məhbuslar ağır bədən xəsarəti alıblar. 5 nəfər şəhər xəstəxanasına köçürülüb.
Azərbaycanlı siyasi məhbus İsmayıl Bərzigərinin qabırğaları sındırılıb, digər azərbaycanlı məhbus Səid Mətinpur bədən xəsarəti alıb. Məhbuslar Emad Bəhavərin, Qulamrza Xosrəvinin və Əmini soyadlı başqa bir məhbusun səhhətinin ciddi təhlükə ilə üz-üzə qaldığı bildirilir.
Yaraqlı məmurların gözlənilməz hücumu nəticəsində 32 məhbus döyüldükdən sonra təkadamlıq kameralara salınıb.
Hakimiyyəti isə həbsxanada baş verən bu qarşıdurmanı təkzib edib.