İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə bəhai dininə mənsub bir ailənin bütün üzvlərinin tutulduğu bilinib. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları iyulun 13-ü axşam azərbaycanlı bəhai Fərzad Bəhadürinin evinə qəfil hücum çəkib. Fərzad Bəhadüri, həyat yoldaşı Simin Rəsuli və qızları Nəsim və Səhər Bəhadüri tutularaq bilinməz istiqamətə aparılıb.
Təbrizli bəhailərin evində yoxlama aparılıb, bəhai dininə məxsus kitablar, bir neçə saz, eləcə də digər musiqi alətlər və bir sıra şəxsi əşyalar götürülüb. Fərzad Bəhadüri və onun ailə üzvlərinin konkret nədə günahlandırıldıqları bilinmir.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, İranda 300 mindən çox bəhai yaşayır. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub, onların dövlət idarə və qurumlarında işə götürülməsinə və sərbəst təhsil almasına qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.