Bu il Gürcüstan Suriyadan qaçqın düşmüş 300 nəfəri qəbul edib.
APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstanın məcburi köçkün və qaçqınlar üzrə naziri David Daraxvelidze 2013-cü ildə Suriyadan Gürcüstana 700 nəfərdən çox qaçqının gəldiyini bildirib.
“Suriyada baş verən hadisələr ölkəmizə qaçqın axınını sürətləndirib. 2013-cü ildə onların sayı 700 nəfərdən çox olub, bu il isə biz 300 nəfəri qəbul etmişik. Qaçqınlar üçün sığınacaqlar inşa etmək haqda qərar verilib. Martkopi rayonunda qaçqınlar üçün 60 yerimiz var. Onlara qaçqın statusunun verilməsi və sığınacaq ayrılması məsələləri müzakirə olunur”, - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Gürcüstan BMT-nin qəbul etdiyi qaçqınlar haqqında status Konvensiyasına qoşulub və BMT qarşısında, Ali Komissar qarşısında qaçqınlara aid beynəlxalq öhdəlik götürüb. Buna görə də beynəlxalq normalara uyğun olaraq biz məcburi xarici qaçqınların hüquqlarını müdafiə edirik.”
Bu yaxınlarda Polşada olduğunu deyən nazir bildirib ki, bu ölkədə 4 min nəfər gürcü qaçqını var: “Polşa dövləti bizim qaçqınların hüquqlarını müdafiə edir. Buna görə biz də başqa dövlətlərdən gələn qaçqınlara qayğı və yardım göstəririk”.