Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl-Cübeyr şiə din xadimi Nimr ən-Nimrin vaiz olması və terrorçuluqla əlaqəsi olmaması barədə iddiaların əsassız olduğunu bildirib.
“Nimr ən-Nimr din tədqiqatçısı yox, terrorçudur”, deyə əl-Cübeyr CNN telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ən-Nimr “terrorçuları cəlb edib, maliyyələşdirib və dəstəkləyib, sui-qəsdlər təşkil edib, çoxlu sayda mülki şəxslərin və polis əməkdaşlarının ölümü ilə nəticələnən terror hücumlarında iştirak edib”, deyə Səudiyyə Ərəbistanının XİN rəhbəri qeyd edib.
Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.
Yanvarın 2-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb. Din xadiminin edamı İranda kütləvi etirazlara, Səudiyyə Ərəbistanının Tehranda və Məşhəddəki diplomatik nümayəndəliklərinə hücumlara səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.