Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev Böyük Britaniya vətəndaşı, iş adamı Şon Deyliyə qarşı sui-qəsdin təşkilində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, Bişkek şəhərinin "Pervomayskı" rayon məhkəməsinin verdiyi qərara əsasən, sabiq prezident 25 il müddətinə qiyabi həbs edilib.
Britaniyalı iş adamına qarşı sui-qəsdin təşkilində prezidentin oğlu, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Maksim Bakiyev, qardaşı, Dövlət Mühafizə Xidmətinin rəhbəri Canıbek Bakiyev də təqsirli bilinərək ömürlük azadlıqdan məhrum ediliblər. K.Bakiyevin birinci evliliyindən olan oğlu Marata isə 20 il həbs cəzası kəsilib.
Qeyd edək ki, məhkəmə Kurmanbek Bakiyevə 25 il qiyabi həbs cəzası versə də, Qırğızıstan baş prokurorluğu sabiq prezidenti digər cinayətlərdə təqsirli bilib və ona ömürlük həbs cəzasının verilməsini tələb edib.