Sabah Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, artıq İran xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyadadır.
Bu gün şam yeməyində Məhəmməd Cavad Zərifin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla bir araya gələcəyi gözlənilir. Görüşdə hər iki tərəf aprelin 3-5-də İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş nüvə müzakirələrinin hesabatlarını araşdıraraq ikigünlük danışıqların əsas mövzularını təyin edəcəklər. Müzakirələrdə Ərak ağır su nüvə reaktoru və uranın zənginləşdirilməsi kimi məsələlər daxil olmaqla bütün mövzularla bağlı fikir mübadiləsi aparılacaq.
İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı jurnalistlərə açıqlamasında bildirib ki, bu danışıqlarda tərəflərin fikirlərinin bir-birinə yaxınlaşacağıa ümid edirlər: “İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın mətninin aprel ayının sonlarında hazırlanması ehtimalı yüksəkdir. Tərəflər hazırda müzakirə yolu ilə fikirlərinin yaxınlaşacağını və ixtilafların azalacağını hesab edirlər”.