Gürcüstanın keçmiş prezidenti, ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən Mixail Saakaşvilini Nyu-Yorkun Bruklin kvartalındakı ərzaq yarmarkasında görüblər.
Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, “The New York Times” qəzetinin əməkdaşı Ceyson Xorovits ayağına rəngbərəng krossovka geyinmiş Saakaşvili dərin “razrezli” yubkalar, kombinezonlar geyinmiş qadınların və tatuirovkalı avaraların arasında dolaşarkən müşayiət edib. Saakaşvili bazarda özünə təzə kokos qozu alıb.
“Mənim dostum, Birləşmiş Ərəb Əmirliklərinin ən iri şeyxlərindən biri Gürcüstana 20 min ədəd palma ağacı bağışlamışdı. Şəxsi hədiyyə kimi” - deyə Saakaşvili həsədlə bildirib.
Jurnalist yazır ki, Saakaşvili Nyu-Yorkun 7-ci Şimal küçəsində könüllü sürgündə məskunlaşıb. “O, hakimiyyətə triumfial qayıdış haqda xəyallar qurur. Baxmayaraq ki, onun sürətli çöküşü Saakaşvilinin keçmiş sovet respublikalarına nümunəvi demokratiya ixracatçısı olacağına ümid edən amerikalı məmurların necə yanıldığına bariz nümunədir” - deyə C.Xorovits yazıb.
Məqalədə bildirilir ki, Saakaşvili Nyu-Yorkun “sirli mənşəli sərvətlərə” malik şəxslərin yaşadığı sahilyanı Uilyamsburq rayonunda, dayısının evində məskunlaşıb. Boş vaxtlarında o, kafelərdə oturur, velosipedlə körpünün üstündə gəzir, “Wythe” otelinin damında dostları ilə subayların axşamlarında görüşür.
Qalan vaxtlarında isə o, Ukrayna münaqişəsi ilə məşğul olur və Putinin qəzəbini üzərinə çəkərək yenidən siyasi əhəmiyyətli fiqur kimi qalmağa çalışır.
“Bu, Putinin sonudur” - deyə Saakaşvili Rusiyanın Ukraynaya müdaxiləsini qiymətləndirir.
Saakaşvili bu sözləri deyəndə Ukrayna prezidenti Pyotr Poroşenko Vaşinqtonda prezident Barak Obama ilə görüşürdü. Lakin Saakaşvili onu da deyir ki, Ukrayna münaqişəsi onun özünün düşünülməmiş qərarlar verən siyasi lider imicini yenidən qiymətləndirməyə imkan yaradır.
Qəzet yazır ki, Saakaşvili Gürcüstanda populyarlığını itirib, prokurorluq isə ona qarşı insan haqlarının pozulması və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları ilə cinayət işi qaldırıb. Saakaşvili deyir ki, prokurorluq işçiləri onun düşməni Bdzina İvanişvilinin marionetkalarıdır.
“Saakaşvilinin bir sıra tənqidçiləri də razılaşırlar ki, Gürcüstanın indiki hökuməti heç də Saakaşvilinin özündən az olmayan qisasçı hisslərlə yaşayır” - jurnalist bildirir.
Məqalədə bildirilir ki, hazırda Saakaşvili memuarlar yazmaqla, nitqlərlə çıxış etməklə məşğuldur. Onun çıxışlarına görə “çox yaxşı məbləğlər” ödənilir. Həmçinin Saakaşvili Vaşinqtonda hansısa analitik mərkəz yaradır və özünün keçmişdəki qatı tərəfdarlarını, məsələn, senator Con Makkeyni, dövlət katibinin müavini Viktoriya Nulandı tez-tez ziyarət edir. Ona ABŞ-da işləmək hüququ verən viza da ayırıblar.
Saakaşvili evinin terrasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, general Devid Petreusu qəbul edib. Ayın sonlarında isə Fransanın eks-prezidenti, yenidən hakimiyyətə qayıtmaq planları quran Nikola Sarkozinin səfərini gözləyir.
Hazırda Saakaşvilinin xanımı və kiçik oğlu Tiflisdədir, böyük oğlu Eduard isə Pensilvaniyada kollecdə oxuyur. Bu ilin may ayında Taft Universiteti M.Saakaşvili ilə müqaviləni uzatmaqdan imtina edib.
Qəzet yazır ki, Saakaşvili vaxtilə oxuduğu Kolumbiya Universitetində vəzifə almaq istəmədiyini deyir. Ancaq onun keçmiş müəllimlərindən biri deyir ki, Saakaşvilinin tanışları universitetin hüquq məktəbində ona iş xahiş etmişdilər.
Məktəbin rəhbərliyi isə ona iş verməyə ehtiyat edib. Belə ki, Saakaşvilinin beynəlxalq məhkəməyə verilə biləcəyindən ehtiyat ediblər, həmçinin onun özünü aparması ilə bağlı narahatlıq da olub.
Saakaşvili deyir ki, vətənində ona qarşı irəli sürülən ittihamlar ancaq bir şeydən xəbər verir: o, siyasi xarakterli “əcinnə ovu” ilə üzləşib.
“Əgər postsovet ölkəsində 9 il hakimiyyətdə olan adamla bağlı varlanmaq, korrupsiya ilə bağlı heç nə tapa bilmirlərsə, mən bununla qürur duya bilərəm” - o bildirir.