Ukrayna ətrafında baş verən hadisələrlə bağlı Rusiyaya tətbiq edilən sanksiyaların icrasına nəzarəti İsveçrə təmin etməyi qərara alıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, İsveçrə iqtisadiyyat nazirliyinin qurumu, Baş Katiblik aprelin 2-də Rusiyanın 33 vətəndaşına maliyyə əməliyyatı aparmasının məhdudlaşdırıldığını elan edib.
Onların arasında Rusiya dövlət dumasının deputatları - Sergey Mironov, Sergey Jeleznyak və Leonid Slutskiy, eləcə də Federasiya Şurasının üzvləri - Andrey Klişas, Viktor Ozerov və Vladimir Cabarov da var.
İsveçrənin maliyyə qurumlarına adları çəkilən şəxslərlə yeni sövdələşmənin aparılması bundan sonra qadağan edilib.
Katiblik bildirib ki, İsveçrənin Federal Şurası Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaq haqda qərar qəbul edib. Bununla belə həmin sanksiyalardan yan ötmək üçün ölkə ərazisindən istifadənin yolverilməzliyi də qərarda vurğulanıb.