Martın 5-də Kreml tərəfindən maliyyələşən «Russia Today» («RT») telekanalının aparıcısı, ABŞ vətəndaşı Liz Uol canlı efirdə Rusiyanın Ukraynaya təcavüzünü əsas göstərərək, istefa verdiyini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «RT»-nin Vaşinqtondakı müxbiri L.Uol istefa ilə bağlı bəyanatında deyib: «Rusiya tərəfindən maliyyələşdirilən və Putinin fəaliyyətinə haqq qazandıran şirkətin bir hissəsi artıq ola bilmərəm».
Uol ata-anası sovet qoşunun Macarıstana təcavüzündən qurtulub, ABŞ-a mühacirət edənlərdən olduğu üçün bu telekanalda müxbir kimi bir çox etik və mənəvi problemlərlə üz-üzə gəldiyini söyləyib.
«Mən fəxr edirəm ki, amerikalıyam və həqiqəti dediyimə inanıram. Məhz buna görə də bu buraxılışdan sonra işdən istefa verirəm»-deyə, jurnalist bildirib.
Xatırladaq ki, telekanalın daha bir aparıcısı Ebbi Martin də Rusiya ordusunun Krıma yeridilməsini, «hərbi işğal» adlandırmışdı.