Federasiya Şurasının spikeri Valentina Matviyenko Türkiyə-Suriya sərhədinin bağlanılmasının vacib olduğunu bildirərək bu məsələdə Rusiyanın Ankaraya yardım göstərməyə hazır olduğunu qeyd edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Valentina Matviyenko “RSN”ə müsahibəsində bildirib.
“Türkiyə-Suriya sərhədinin bağlanılmasına dair təcili tədbirlər görülməlidir, çünki məhz bu istiqamətdə Türkiyədə və bir sıra digər ölkələrdə təlim keçmiş silahlılar Suriyaya keçirlər, müalicə almaq və ya dincəlmək üçün Türkiyəyə qayıdır, sonradan isə yenə Suriyaya keçirlər”, deyə o bildirib.
Matviyenko qeyd edib ki, Türkiyə bu məsələni təkcə yoluna qoya bilməyəcək, bu səbəbdən də Rusiya ona yardım göstərməyə hazırdır.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri də bundan əvvəl Türkiyə-Suriya sərhədinin bağlanılmasının vacib olduğunu vurğulayıb.