Rusiyada yoxsulluq həddində yaşayan əhalinin sayı 2015-ci ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 mln nəfər artaraq 20,3 mln nəfərə çatıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Statistika Xidmətinin (Rosstat) hesabatında bildirilir.
Rusiyada qeyd olunan dövrdə yoxsulluğun səviyyəsi 14,1 faiz təşkil edib. Ötən il bu göstərici 12,6 faiz olub.
Rosstat-ın məlumatına görə, Rusiyada yoxsulluq səviyyəsinin göstəricisi mövsümi xarakter daşıyır. Belə ki, yoxsulluq səviyyəsinin maksimal göstəricisi birinci kvartala, minimal – dördüncü kvartala təsadüf edir ki, bu da ilin sonunda verilən mükafatlarla əlaqələndirilir.