Rusiya paytaxtında 24 yaşlı azərbaycanlı gənc “skinhedlər” tərəfindən döyülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə yanvarın 19-da axşam saat 20:00 radələrində baş verib.
Kiyevski dəmir yol vağzalından hərəkət edən “Moskva-Bekasovo” elektrik qatarında bir qrup maskalı və beyzbol taxtası ilə silahlanmış şəxslər azərbaycanlı gəncə hücum ediblər. Qatarın dispetçeri dərhal hadisə yerinə polis çağırıb. Hadisə yerinə gələn polislər platformada döyülmüş Elvin adlı Azərbaycan vətəndaşını aşkar ediblər.
Elvin onu döyənlərdən polisə şikayət etməyib. Hadisənin təfərrüatları barədə APA-nın Moskva müxbirinə danışan azərbaycanlı gənc bildirib ki, yanvarın 19-da Kiyevski vağzalından vaqona minib: “Vaqonda 10 nəfər gəncin cəld qaçdığını gördüm. Fikirləşdim ki, yəqin bilet almayıblar. Ona görə də bələdçidən qaçırlar. Mən də onların arxasınca getdim, çünki mənim də biletim yox idi. Mən o biri vaqonun içəri qapısından keçmək istəyəndə həmin gəclərdən biri yolumu kəsdi və məni milli zəmin təhqir etdi. Mən onu yumruğumla itələdim. Bu zaman gözümə bibər qazı vurdu. Bu vaxt üstümə onun 8 nəfər yoldaşı düşdü və məni döyməyə başladılar. Başımı əzdilər. Lakin mən həmin qatarı tərk etmədim. Axırıncı stansiyaya qədər getdim”.
Elvin onu döyənlərin heç də hamısının maskalı olmadığını söyləyib: “Dəqiq xatırlamıram, amma onlardan bir-iki nəfəri maskanı geyinmişdi, digərləri üzlərini şərflə bağlamışdılar. Başıma tikiş vurulub, çoxlu qan itirmişəm”.
Əslən Yevlax rayonundan olduğunu söyləyən Elvin hazırda Kiyevski vağzalında gül ticarəti ilə məşğul olduğunu da açıqlayıb.