Krım tatar xalqının lideri, bütün dünyada tanınan məşhur dissident Mustafa Abdulcəmil Krımoğlunun 2019-cu ilə qədər Rusiya Federasiyası və Krım ərazisinə girişi qadağan olunub. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu Krım Tatar Məclisini mətbuat katibi Liliya Muslimova deyib.
L. Muslimova bu gün Krımdan Kiyevə yollanan M. A. Krımoğluna xəbərdarlıq məktubu təqdim olunduğunu bildirib: “Aprelin 22-də səhər tezdən Krım tatar xalqının lideri, Ukraynanın xalq deputatı Mustafa Abdulcəmil Krımoğlu Məclisin sədr müavini Aslan Ömər Krımlı ilə birlikdə Krımdan Kiyevə yola düşüb. Krımın Ukrayna ilə inzibati sərhədini keçərkən ona “Rusiya Federasiyasına girişə icazə verilməməsi haqqında xəbərdarlıq aktı” təqdim olunub”.
Akta əsasən 1943-cü il təvəllüdlü Ukrayna vətəndaşı Mustafa Abdulcəmil Krımoğlunun 5 il müddətində (2019-cu il aprelin 19-na qədər) Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulub. Lakin Krım tatarlarının lideri qadağalara baxmayaraq, Krıma qayıdacağını söyləyib.
Xatırladaq ki, ötən bazar günü Mustafa Abdulcəmil Krımoğlunun Krıma girişinə əvvəlcə icazə verilməyib, lakin bir qədər sonra o, Krıma buraxılıb. Onun gəlişindən sonra Krım Tatar Məclisinin Simferopol (Akməscid) şəhərindəki binasına Ukrayna bayrağı asılıb. Bu isə yerli hakimiyyətin narazılığı və narahatlığına səbəb olub.
M. A. Krımoğlu (Mustafa Cəmilov) SSRİ dövründə - 1944-cü ildə 6 aylıq körpə ikən ailəsi ilə birlikdə doğma torpaqlardan zorakılıqla deportasiya edilib. O, Özbəkistanda böyüyüb və bütün ömrünü Krım tatarlarının hüquqlarının bərpası uğrunda mübarizəyə həsr edib. Sovet imperiyasının repressiyasına məruz qalan lider ömrünün 15 ilini müxtəlif islah-əmək düşərgələrində keçirib. 1986-cı ildə Mixail Qorbaçov və Ronald Reyqan arasındakı danışıqlardan sonra azadlığa buraxılıb.