Rusiyada İranın kənd təsərrüfatı malları üçün “yaşıl dəhliz”lərin yaradılması planlaşdırılır. İrandan kənd təsərrüfatı mallarının tədarükü məsələsində əsas rolun Dağıstana verilməsi nəzərdə tutulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın kənd təsərrüfatı naziri Sergey Levin Tehrana ikigünlük səfəri zamanı bildirib.
“Bizi, ilk növbədə, İranın kənd təsərrüfatı malları üçün gömrük və fitosanitar xidmətlərinin xətti ilə “yaşıl dəhliz”lərin yaradılması maraqlandırır. Bu dəhlizlərin yaradılması çox vacibdir, bu İran mallarının Rusiya bazarına çatdırılması vaxtını xeyli azaldacaq, üçüncü ölkələr üzərindən hazırda həyata keçirilən tədarüklərin leqallaşdırılmasına imkan yaradacaq və, ümumiyyətlə, malların həcmini xeyli artırılmasını təmin edəcək”, - deyə nazir müavini qeyd edib.
Sergey Levin qeyd edib ki, Rusiya tərəfi Mahaçqala və Həştərxan limanlarının İrandan göndəriləcək yüklərin qəbulu üzrə əsas dayaq limanları olacağını artıq müəyyən edib. İrandan göndəriləcək yüklərin qəbulu, yerləşdirilməsi və daha sonra Rusiyanın digər ərazilərinə paylaşdırılması üzrə əsas bölgə Dağıstan Respublikası olacağı nəzərdə tutulub.
Dağıstanın rəhbəri Ramazan Abdulatipov bu təşəbbüsü dəstəkləyərək artıq İrandan göndəriləcək yüklərin qəbulu, yerləşdirilməsi və Rusiyanın digər ərazilərinə paylaşdırılmasını təmin etmək üçün Mahaçqalada iri logistik mərkəzinin yaradılması təklifi ilə çıxış edib.