Ruhani ilə imam cümə “cənnətə yol” axtarışını davam etdirir
03 iyun 2014 02:41 (UTC +04:00)

Ruhani ilə imam cümə “cənnətə yol” axtarışını davam etdirir

İran prezidenti Həsən Ruhani ilə din xadimi ayətullah Seyid Əhməd Xatəmi arasında deyişmə davam edir.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, Həsən Ruhani ekologiya təşkilatının işçiləri ilə görüşdə Tehrandakı cümə namazının imama cüməsi ayətullah Əhməd Xatəminin xütbədə söylədiklərinə münasibət bildirib.

 

Məlumata görə, Ruhani imam cümənin adını çəkmədən dolayı yolla bunları söyləyib: “Güman edirəm ki, dini hökumətin nəzarətinə verməməliyik. Din alimlərin, dini mərkəzlərin, fikir adamlarının və ürəyi yanan insanların əlində olmalıdır.

 

Onlar dinin təbliği ilə məşğul olmalı, hökumət də onlara dəstək verməlidir. Dinin və axirətin nə olduğunu bilməyən, bekarçılıqdan xülyalara dalan  bəzi adamların ardıcıl olaraq insanlara din və axirətdən danışmasını, üzdəniraq qayğısını çəkməsini başa düşə bilmirəm”.

 

Xatırladaq ki, mayın 30-da Tehranın imam cüməsi olmuş Əhməd Xatəmi xütbəsində ölkə prezidenti Həsən Ruhanini bir neçə gün əvvəlki bəyanatına  görə tənqid etmişdi. O, Ruhaninin adını çəkmədən demişdi ki, islam hakimiyyəti “insanlara nəzarəti gücləndirməlidir” : “Möhtərəm rəsmilərdən biri deyib ki, insanları şallaq gücünə cənnətə göndərmək mümkün deyil. Bu sözün üç mənası var. Biz həmin mənalardan birini qəbul edir, ikisini isə rədd edirik. Bu mənalardan biri budur ki, bizim məktəb (İrandakı islam dini düşüncəsi məktəbini nəzərdə tutulur – red.) şallaq yox, məntiq məktəbidir.

 

Peyğəmbərin də ənənəsi belə olub. Bu, düzgün yanaşmadır.

 

Ancaq əgər bu söz insanların əxlaq, iqtisadiyyat və mədəniyyətdə azad buraxılması, onların öz halına buraxılması kimi mənalandırırsa, açıq şəkildə deyirik ki, biz bunu qəbul etmirik. Bu, düzgün yanaşma deyil. Bu söz əgər həm də “cənnətin yolunu insanlara hamarlamaq bizim vəzifəmiz deyil” kimi başa düşülürsə, yenə səhvdir.

 

Bu fikirlə razılaşmırıq. Çünki din hakimiyyətinin əsas vəzifəsi cənnətin yolunu insanlara hamarlamaqdır. Hakimiyyətin vəzifəsi də elə bundan ibarətdir. Hakimiyyət bu istiqamətdə addım atmalı, insanlara cənnətin yolunu hamarlamalı, onların cənnətlik olması üçün çalışmalıdır ”.

 

Qeyd edək ki, mayın 26-da Həsən Ruhani Tehranda “Ümumi sağlamlıq sığortası” adlı toplantıdakı çıxışında insanlarla davranış zamanı Məhəmməd peyğəmbərdən örnək götürməyə çağırmış və bunları da söyləmişdi: “Gəlin, insanların şəxsi həyatına bu qədər müdaxilə etməyək, onları sıxışdırmayaq.

 

Niyyətimiz nə qədər yaxşı olsa da, gəlin, bunu etməyək. İmkan verək ki, insanlar mənəvi baxımdan sağlam olsunlar. İmkan verək ki, insanlar cənnətin yolunu özləri seçsinlər. Qamçı və şallaq gücünə insanları cənnətə göndərmək olmaz. Bu işdə islam peyğəmbəri Həzrət Məhəmmədi nümunə götürməliyik. İslam peyğəmbərinin şallağı yox idi. O, əlinə qamçı almazdı. O, sadəcə olaraq insanlara ümid verər, onlara haqq yolunu göstərərdi.

 

Axı, nəyə görə biz müxtəlif və əsassız bəhanələrlə ən kiçik məsələlərə görə yerli-yersiz insanların şəxsi həyatına, şəxsi işinə qarışmalı, onları sıxışdırıb özümüzdən incik salmalıyıq? Gəlin imkan verək ki, onlar şəxsi həyatlarında özlərini rahat hiss etsinlər ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar