ABŞ və Avropa ölkələri tərəfindən Yaxın şərqə silah satışının artırılması regionun sabitliyinə təhlükə yaradır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
“ABŞ və Avropa ölkələri Yaxın şərqə silah satışının artırılmasından fərəhlənməməlidir. Onlar bununla bölgədə təhlükəsizliklər bağlı vəziyyəti daha da gərginləşdirirlər, Yaxın Şərq ölkələri arasında ədavəti daha da dərinləşdirirlər”, deyə Ruhani qeyd edib.
“Nəticədə qərb ölkələri faktiki olaraq Bağdad, Dəməşq və Sanada dinc sakinlərin qətlinə, sivilizasiyaların məhv edilməsinə yardım etmiş olurlar. Onlar bunları hərbi-sənaye müəssisələrində mütəxəssisləri üçün yeni iş yerlərinin açılması məqsədi ilə edirlər”, deyə Həsən Ruhani vurğulayıb.
Qeyd edək İran prezidenti bu açıqlamanı ötən gün Fransa və Qətər arasında əmirliyə 6,3 mlrd dollar dəyərində 24 “Rafale” çoxməqsədli qırıcı təyyarələrinin satılmasına dair sazişin imzalanmasına cavab olaraq verib. Müqavilə həmçinin Qətərə qanadlı raketlərin satışını, qətərli pilotların, aviasiya texniklərinin və kəşfiyyat zabitlərinin Fransada təlimini nəzərdə tutur.
Qeyd edək ki, 2014-cü ildə Səudiyyə Ərəbistanı silah və hərbi texnikanın alınmasına 80 mlrd dollar, BƏƏ isə 23 mlrd dollar həcmində vəsait xərcləyib. Silahların əksəriyyəti ABŞ-dan əldə edilib.