İtaliya Ali Məhkəməsi “Rubi işi” adı ilə məşhur olan iş üzrə sabiq baş nazir Silvio Berluskoni barəsində hökm çıxarıb.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bununla da ali məhkəmə instansiyası 78 yaşlı siyasətçi haqqında yeni araşdırma aparılmasına dair prokurorluğun tələbini rədd edib. Ali Məhkəmənin qərarından şikayət vermək olmaz.
Qeyd edək ki, S.Berluskoni bu iş üzrə yetkinlik yaşına çatmayan fahişələrlə əlaqədə olmaqda təqsirləndirilib. İşin əsas fiqurantı isə “Rubi” ləqəbli mərakeşli rəqqasə Kərimə əl-Məruq olub.
2013-cü ilin iyun ayında Milan məhkəməsi S.Berluskonini 2010-cu ilin fevral-may aylarında o vaxt 18 yaşı tamam olmamış Kərimə əl-Məruqla cinsi əlaqədə olmaqda təqsirli bilərək, 7 il müddətinə azadlıqdan məhrum edib. 2014-cü ilin iyun ayında Apellyasiya Məhkəməsi sabiq baş nazirə bəraət verib. Səbəb olaraq göstərilib ki, o, Kərimənin gerçək yaşını bilməyib.
Qeyd edək ki, son 20 ildə S.Berluskoni barəsində 80-nə yaxın cinayət işi açılıb. Onu korrupsiyada, mafiya ilə əlaqələrdə, seksual qalmaqallarda ittiham ediblər. Lakin ittihamların demək olar ki, hamısı ya müddəti keçdiyinə görə onun üzərindən götürülüb, ya da sabiq baş nazir apellyasiya məhkəmələrində qalib gəlib.