Bu açıqlamanı APA TV-yə "Krımın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Rəhim Hümbətov verib. Onun sözlərinə görə, Krımda baş verənlər artıq reallıqdır.
“Azərbaycanlılar, ruslar, ukraynalılar, tatarlar bu reallığı qəbul edərək Rusiya pasportunu almağa məcburdurlar. Demək olmaz ki, azərbaycanlılar başqa mövqe tuta bilərlər. Azərbaycanlıların tutduğu mövqedən çox bir şey də asılı deyil”.
Onun sözlərinə görə, Krımda müəyyən qisim adamlar var ki, onlar Rusiya vətəndaşlığından imtina ediblər. Bunların sayının təxminən bir neçə min nəfər olduğu deyilir.
"Rusiya vətəndaşlığından imtina edən insanların qarşısında müəyyən problemlər meydana çıxacaq. Müəyyən sənədlərlə bağlı problem yaranacaq. Fiziki məhdudiyyətlik yoxdur. Sadəcə insanların hüquqları, sənədləri ilə bağlı müəyyən məhdudiyyətliklər yaranır. Heç kim heç kimi təhdid etmir".
Krım Məclisinin keçmiş sədri Mustafa Cəmiloğlunu evində axtarış aparılması məsələsinə toxunan Rəhim Hümbətov bu hadisənin keçid məntəqəsində Krımoğlunu qarşılamağa gedən fəalların orada mitinq keçirməsindən sonra baş verdiyi deyib. Lakin Rəhim Hümbətov qeyd edib ki, Krımda 300 mindən çox Krım tatarı yaşayır və onların hamısının təqib olunduğunu demək olmaz. Azərbaycanlı diaspor rəhbəri Krımdakı ərzaq problemi məsələsindən də danışıb.
"Bu Krımda ən problemli məsələlərdən biridir. Bu gün Ukrayna ilə Krım arasında əlaqələr demək olar ki, tamamilə kəsilib, Ukrayna hökuməti tərəfindən müəyyən məhdudiyyətlər həyata keçirilib. Krımın hər bir ərzaqla, o cümlədən su ilə təminatı pisləşib. Mağazalarda qıtlıq yaranıb və qiymətlər də təbii olaraq qalxıb".
Onun sözlərinə görə, quru sərhədi olmadığından Rusiyadan ərzaq təminatı da problemlidir. Rusiyadan gələn ərzaqların üzərinə nəqliyyat xərcləri də qoyulduğundan ərzaq məhsullarının qiyməti avtomatik bahalaşır.
Rəhim Hümbətov: “Krımda kəskin ərzaq qıtlığı yaranıb”
867