Regionlar Partiyası Yanukoviçin oğlunun ölümü barədə məlumat yaydı
23 mart 2015 17:19 (UTC +04:00)

Regionlar Partiyası Yanukoviçin oğlunun ölümü barədə məlumat yaydı

Ukraynanın Regionlar Partiyası sabiq prezident Viktor Yanukoviçin oğlu, partiyanın üzvü Viktor Yanukoviçin ölümü ilə bağlı məlumat yayıb.

 

APA-nın xəbərinə görə, partiyanın saytına yerləşdirilmiş məlumatda bildirilir: “Martın 20-də həmkarımız, Regionlar Partiyasından Ukrayna Ali Radasının keçmiş deputatı Viktor Viktoroviç Yanukoviçin ömrü yarıda qırıldı. Həyatını itirərkən onun cəmi 33 yaşı vardı”.   

 

Saytda yerləşdirilən məlumatda partiya V. Yanukoviçin doğmalarına və yaxınlarına başsağlığı da verib, bununla belə, onun ölüm səbəbləri barədə heç nə qeyd olunmayıb.

 

Qeyd edək ki, martın 22-də bəzi KİV oğul Viktor Yanukoviçin öldüyü barədə xəbər yayıb. Məlumata əsasən, onun və digər 5 nəfərin olduğu mikroavtobus qadağan olunmasına baxmayaraq, Baykal gölündə buzun üstü ilə hərəkətdə olarkən buz qırılıb və nəqliyyat vasitəsi suya batıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi zərərçəkmişlərin adlarını çəkmədən belə bir hadisənin baş verdiyini təsdiqləyib. Daha sonra ölənin Viktor Davıdov adlı şəxs olduğu barədə məlumat yayılıb. Oğul Viktor Yanukoviçin Rusiyada hansı soyadla yaşadığı məlum deyil.

 

Yalnız oğul Viktor Yanukoviçin ana nənəsinin familiyasının Davıdova olduğu bildirilir. 

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oğul Viktor Yanukoviçin Baykal gölündə boğularaq ölməsi ehtimalı ilə bağlı məlumata malik olmadıqlarını açıqlayıb: “Mən bunu nə təsdiqləyə, nə də inkar edə bilərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar