“Biz tatarlara anlaşılan o oldu ki, Moskva nəinki Krıma sahib olmaq üçün axıradək dirənəcək, hətta digər xalqlara qarşı bunu etmək istəyəcək. Artıq biz də taleyimizi buna görə planlaşdırırıq”.
Bunu APA-ya açıqlamasında Krım Tatarları Məclisinin başqanı Refat Çubarov deyib.
Rusiyanın açıq-aşkar Krımı zəbt etdiyini deyən R. Çubarov qeyd edib ki, hadisələrin ilk günündən Ukraynadan, beynəlxalq birlikdən gözlədikləri təpkini görə bilməyiblər: “Məhz bu səbəbdən Rusiya burada referendum keçirib, öz qanunlarına uyğun Krımı özünə birləşdirdi. Rusiya Krımda da Abxaziya ssenarisini həyata keçirə bilərdi, amma daha uzağı hədəflədiyi üçün Krımı özünə birləşdirdi. Bununla da Krımın geri qayıtarılması yolu birdəfəlik qapandı”.
R.Çubarov bildirib ki, tatarların bundan sonra Krımda necə yaşayacaqları hələ də məlum deyil: “Məclisdə toplaşan tatarların mövqeyindən də anlaşılan o oldu ki, torpaqlarımızdan gedən deyilik. Rusiyanın şərtləri ilə necə yaşayacağımız tam aydın deyil”.
R.Çubarov tatarların bir hissəsinin növbəti dəfə Rusiya tərəfdən basqıların ola biləcəyi ilə bağlı narahatlığına da münasibət bildirib: “SSRİ-dən fərqli olaraq Rusiyanın xalqlarla keçmişdəki kimi rəftar edəcəyi ehtimal olunan deyil. Əksinə Rusiya tərkibində olan xalqlarla, muxtariyyətlərlə hesablaşaraq, ortaq məxrəcə gələrək dövlət ola bilər. Rusiyanın istənilən ağıllı rəhbərliyi qüdrətli dövlətə sahib olmaq üçün tərkibindəki xalqların məlum sərhədlər çərçivəsində haqlarını tanıyacaq. Ona görə də mən bu narahatlığı əsassız sayıram”.
R. Çubarov tatarların qurultayında mədəni muxtariyyətinin elan olunması məsələsinə də toxunub: “Rusiya Krımda “de-fakto” öz qanunlarını tətbiq edəcəyi təqdirdə, ilk şərtimiz budur”.
Bu kimi məsələlərlə yaxın vaxtlarda Vladimir Putinlə görüşün gözlənildiyini deyən R. Çubarov bildirib ki, çox şey bu görüşün nəticələrindən asılı olacaq: “Biz artıq Putinə mesaj yollamışıq, ondan cavab gözləyirik. Sizinlə görüşdən bir neçə dəqiqə öncə mənə məlumat verildi ki, Putin bizimlə görüşün təşkili üçün artıq müvafiq tapşırıqlar da verib”.
Tatarların Krımın yerli hökumətində təmsilçiliyi ilə bağlı qərarını xatırladan R. Çubarov gələcəkdə Rusiya Dumasında təmsilçiliyi də istisna etməyib.