Rusiyalı sahibkar German Sterliqov Rusiyanı tərk edib və hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindədir. APA-nın məlumatına görə, bu barədə “TASS”a Sterliqovun vəkili Artur Ayrapetov bildirib.
Onun sözlərinə görə, Sterliqov heç bir maneə ilə üzləşmədən Rusiyanı tərk edib və hazırda ailəsi ilə birlikdə Şuşa şəhərindədir.
Vəkil qeyd edib ki, German Sterliqov iyulun 17-dən bəri bir neçə dəfə prokurorluğa və məhkəmə orqanlarına müraciət edib, lakin nə istintaq, nədə də hüquq-mühafizə yaxud məhkəmə orqanları tərəfindən ona heç bir iddia irəli sürülməyib.
Qeyd edək ki, ötən həftə German Sterliqov barəsində böhtan ittihamı üzrə cinayət işinin başlanılması barədə məlumat yayılmşdı.
Tanınmış rusiyalı sahibkar, fermer German Sterliqov bütün əmlakını satışa qoyaraq ailəsi ilə birlikdə qondarma “Dağlıq Qarabağ Respublikasına” köçüb. İyulun 16-da onun Rusiyaya qayıtdığı barədə məlumat yayılmışdı.