Aprelin 26-da İranda prokuror Musa Nuri Qələnonun qətlində ittiham edilən üç nəfər edam olunub.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, hökm ölkənin Sistan-Bəlucistan əyalətinin Zabül şəhərində prokurorun qohumlarının və şəhər sakinlərinin gözü qarşısında həyata keçirilib
Xatırladaq ki, Sistan-Bəlucistan əyaləti ədliyyə təşkilatının rəhbəri İbrahim Həmidi aprelin 25-də jurnalistlərə açıqlamasında demişdi ki, prokurorun qətlində təqsirli bilinən üç nəfər aprelin 26-sı səhər cəzasına çatacaq. Onların üçü də dar ağacından asılacaq.
Edam edilənlər haqda məlumat verilməyib.
İranın Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin prokuroru Musa Nuri Qələno 2013-cü il noyabrın 6-da qətlə yetirilib. İki silahlı şəxs Musa Nuri Qələnonun avtomobilinə yaxınlaşaraq ona və sürücüsünə odlu silahdan bir neçə dəfə atəş açıb. Prokuror və sürücüsü yerindəcə həlak olub.
İranda bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən “Ceyşül ədl” (“Ədalət ordusu”) qrupu hadisədən bir gün sonra bəyanat yayaraq prokurorun qətlini öz üzərinə götürüb.