Ukrayna prezidenti Pyotr Poroşenko İqor Kolomoyskinin Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc edilmiş məlumatda bildirilib.
“Ukrayna prezidenti Pyotr Poroşenko İqor Kolomoyskinin Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsindən azad olunması barədə xahişini təmin edib. Müvafiq fərman onunla görüş zamanı imzalanıb” deyə məlumatda qeyd olunub.
Məlumata görə, Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə Valentin Rezniçenko təyin edilib.
Qeyd edək ki, İqor Kolomoyski və Ukrayna hakimiyyəti arasında münasibətlər martın 19-dan sonra pisləşib. Belə ki, Ali Rada martın 19-da “Səhmdar Cəmiyyətlər haqqında” qanuna dəyişikliklər etdikdən sonra Kolomoyski “Ukrnafta” şirkəti üzərində nəzarətini itirib.
Bundan başqa, “Ukrtransnafta” şirkətinin rəhbərliyi dəyişildikdən sonra da tərəflər arasında fikir ayrığı yaranıb.