İyunun 24-də axşam saatlarında Ukrayna prezidenti Pyotr Poroşenko güc strukturlarının rəhbərləri ilə görüşdə terrorçulara tərəddüd etmədən atəş açmaları barədə əmr verib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.
“İyunun 24-də terrorçular atəşin kəsilməsi rejimi ilə bağlı öz vədlərinə qarşı çıxaraq, Ukrayna Silahlı Qüvvələrinin vertolyotunu vurub. Həmin hadisə nəticəsində 9 nəfər həlak olub. Prezident sülh planını elan edəndən sonra terrorçular 35 dəfə Ukrayna hərbçilərinə atəş açıb”-deyə, məlumatda vurğulanıb.
Mənbə bildirib ki, Poroşenko atəş kəs rejimi vaxtından qabaq ləğv edilə bilər.
Xatırladaq ki, Ukrayna prezidenti atəşkəsin iyunun 27-dək əmələ edilməsi planını irəli sürüb. Bunu həm Rusiya hakimiyyəti, həm də Ukraynanın şərqindəki rusiyayönlü terrorçular dəstəklədiklərini bildirmişdi.
İyunun 25-də isə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Ukraynada vəziyyətin nizama salınması ilə bağlı dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.